Hiking, trekking, alpinizm: fərq nədir və sən hansındasan?

"Dağa gedirik" ifadəsi bir günlük meşə gəzintisindən çoxgünlük buz ekspedisiyasına qədər hər şeyi bildirə bilər. Terminləri ayırmaq turu seçərkən ən praktik faydanı verir — çünki tələb olunan hazırlıq və avadanlıq tamam fərqlidir.
Hiking
Hazır cığırla, bir günlük və ya bir neçə saatlıq yürüş. Gecələmə yoxdur, texniki avadanlıq yoxdur.
Lazım olan: yaxşı ayaqqabı, su, yüngül çanta, hava şəraitinə uyğun geyim.
Tipik nümunə: Ağsu, Dilman şəlaləsi, İsmayıllı, Qalacıq yürüşü.
Trekking
Çoxgünlük yürüş. Gecələmə çadırda və ya kənd evində olur, marşrut bir nöqtədən digərinə keçir. Fiziki tələb daha yüksəkdir, çünki gün-gün təkrarlanan yük var.
Lazım olan: böyük çanta, yuxu sistemi, yemək planı, marşrut naviqasiyası.
Tipik nümunə: çoxgünlük yaylaq və kənddən-kəndə marşrutlar.
Zirvə yürüşü (peak hiking / scrambling)
Hədəf konkret zirvədir. Texniki alpinizm bacarığı tələb etmir, amma yamac dikdir, bəzi hissələrdə əl işə düşür (buna scrambling deyilir), hündürlük amili yaranır.
Lazım olan: yaxşı fiziki forma, hava oxumaq bacarığı, bəzən hündürlüyə uyğunlaşma.
Tipik nümunə: Məstdərgah zirvəsi, Tufandağ, Bazardüzü.
Alpinizm
Kəndir, koşka, buz baltası və texniki bacarıq tələb edən dağ fəaliyyəti. Buz və qar yamacları, qaya keçidləri, sığorta sistemləri.
Lazım olan: məktəb/kurs, təcrübəli partnyor, ciddi avadanlıq. Bunu "özü öyrənmək" olmur.
Qayaya dırmanma
Alpinizmdən ayrıdır: hədəf zirvə deyil, marşrutun özüdür. Bulderinq, sport dırmanma, top-rope — hamısı bu qrupdadır: Azərbaycanda qayaya dırmanma məkanları.
Digər terminlər
- Skitur (ski touring). Xizəklə yuxarı qalxıb hazırlanmamış yamacla enmək. Uçqun bilikləri məcburidir.
- Snouşu (kaşqa). Dərin qarda batmadan yerimək üçün geniş ayaqlıqlar. Qış yürüşünün ən əlçatan formasıdır.
- Kanyoninq. Dar dərə ilə su içindən enmə; kəndir və neopren tələb edir. Ölkədə bəzi marşrutların yay versiyası buna yaxınlaşır: Babadağ kanyonu.
- Via ferrata. Qayaya bərkidilmiş metal pillə və trosla keçid. Azərbaycanda hələ geniş yayılmayıb.
- Fastpacking. Yüngül çanta ilə qaçış tempində çoxgünlük marşrut.
Özünüzü hara yerləşdirməli
Sadə sual: ilin neçə həftəsonunu dağda keçirirsiniz?
- İldə 2–5 dəfə → hiking sizin formatınızdır; avadanlıq alma, ayaqqabıya investisiya et.
- Ayda 1–2 dəfə → zirvə yürüşlərinə keçid vaxtıdır; çubuq, yaxşı çanta, qat sistemi.
- Həftədə bir və daha çox → trekking və qış formatları açılır; artıq öz avadanlığın olmalıdır.
Çətinlik səviyyələrinin nə demək olduğu haqqında ayrıca yazımız var: Çətinlik dərəcələri.
Oxuduğunuzu yaşamağa hazırsınız? Yaxın tarixlərdəki gedişlərə baxın.
Turlara bax